Xəbərlər arxivi

11 Oktyabr 2019

SOCAR-ın prezidenti Əfqanıstanın Ticarət və sənaye naziri ilə görüşüb

+

Oktyabrın 11-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Əfqanıstan İslam Respublikasının Ticarət və sənaye naziri Acmal Əhmədinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə Azərbaycan-Əfqanıstan iqtisadi əlaqələrinin inkişafında neft-qaz sahəsində münasibətlərin roluna toxunulmuş, son illərdə Azərbaycanda istehsal olunan neft məhsullarının Əfqanıstanın yanacaq bazarında mühüm yer tutduğu vurğulanmışdır.

Əfqanıstan İslam Respublikasının Ticarət və sənaye naziri Acmal Əhmədi ölkəsinin yanacaq bazarı haqqında SOCAR prezidentinə məlumat vermiş, idxalın şaxələndirilməsi məqsədi ilə SOCAR-la əməkdaşlığın yeni müstəviyə qaldırılmasında maraqlı olduqlarını qeyd etmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmış, gələcək əməkdaşlığın perspektivlərini müzakirə olunmuşdur.

11 Oktyabr 2019

Avstriya şirkətləri Azərbaycanın kimya sənayesi ilə maraqlanır

SOCAR-da Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri ilə görüş keçirilib

+

Oktyabrın 11-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir. Qonaqları salamlayan Rövnəq Abdullayev SOCAR-ın fəaliyyətindən, həyata keçirdiyi regional və qlobal əhəmiyyətli layihələrdən bəhs etmiş, şirkətin Avstriyanın pərakəndə yanacaq satışı bazarında özünəməxsus yeri olan “A1” yanacaqdoldurma şəbəkəsini satın aldığını və 82 YDM-dən ikisinin artıq rebredinq edildiyini, qalanlarının da yaxın müddətdə rebredinq ediləcəyini bildirmişdir. Şirkət prezidenti SOCAR-ın Avstriyanın yanacaq enerji sektorunda biznesini genişləndirməkdə maraqlı olduğunu vurğulamışdır.

Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardt səmimi qəbul üçün təşəkkürünü bildirmiş, Avstriya şirkətlərinin Azərbaycanın kimya sənayesi ilə maraqlandıqlarını və bu sahəyə sərmayə yatırmağa hazır olduqlarını qeyd etmişdir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev qonaqlara Sumqayıtdakı kimya sənaye parkı ilə bağlı ətraflı məlumat vermiş, Azərbaycanda əlverişli investisiya mühiti yaradıldığını söyləmiş, xarici sərmayələrin qorunmasından danışmışdır. O, kimya sənayesinin ölkə iqtisadiyyatının perspektivli sahələrindən olduğunu vurğulayaraq, bu istiqamətdə səmərəli təkliflərin operativ surətdə müzakirə edilib dəyərləndiriləcəyini bildirmişdir.

Görüşdə həmçinin Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının fəaliyyətindən danışılmış, bu qurumun iki ölkə arasında əlaqələrin inkişafına töhfə verdiyi qeyd olunmuşdur.

4 Oktyabr 2019

“Qarabağ” yatağının işlənməsi üçün platformanın tikintisi sona çatır

+

Oktyabrın 4-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Norveçin “Equinor” şirkətinin baş vitse-prezidenti xanım Karri Lokhartın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə “Qarabağ” yatağının işlənməsi ilə bağlı fikir mübadiləsi aparılmış, perspektivlər müzakirə edilmişdir. Tərəflər layihənin düzgün istiqamətdə inkişaf etdiyini vurğulamış, yüksək səmərə verəcəyinə və Azərbaycanın iqtisadi inkişafına əlavə dəyər qatacağına əminliklərini ifadə etmişlər. “Qarabağ” yatağında istifadəsi nəzərdə tutulmuş qurğu və platformada yekun işlərin görüldüyü və bu yaxında istismara veriləcəyi bildirilmişdir.

Görüşdə həmçinin “Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi”-“Dan Ulduzu”-“Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişi” ilə bağlı fikir mübadiləsi aparılmış, SOCAR rəhbərliyi müxtəlif layihələrdə “Equinor” şirkəti ilə əməkdaşlığın perspektivli olduğunu bildirmişdir. Tərəflər gələcəkdə də əməkdaşlığın davam etdirilməsi imkanlarını müzakirə etmişlər.

Xatırladaq ki, SOCAR və Statoil (Equinor) 1992-ci ildən bir sıra mühüm layihələrdə, o cümlədən Azəri-Çıraq və dərinsulu Günəşli (AÇG) neft yatağının işlənilməsi layihəsində əməkdaşlıq edir. AÇG layihəsində SOCAR 25%, Statoil-Azərbaycan şirkəti isə 7,27% paya malikdir. Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində Statoil Azərbaycan 8,71%, SOCAR-ın törəmə şirkəti olan AzBTC 25%-lik pay sahibidir. 2018-ci ildə SOCAR ilə Equinor qrupunun bir hissəsi olan “Statoil-Azərbaycan” şirkətI arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti sazişi” və “Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi”-“Dan Ulduzu”-“Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş” imzalanmışdır.